AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilən iclasında Azərbaycan Premyer Liqası və ölkə kubokunun dayandırılmasına qərar qəbul verilib.
20 turdan sonra 45 xalla zirvədə yer alan "Qarabağ" çempion elan olunub. Ağdam klubu 2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında təmsil edəcək.
“Zirə” “Sumqayıt”la eyni – 23 xala sahib olsa da, beşinci olub. “Sabah” 21 xalla altıncı, “Səbail” 20 xalla 7-ci olub. 20 oyunda 19 xal qazanan “Qəbələ” sonuncu olub.
Offsideplus.az-ın ingilis dili versiyası klubların mətbuat xidməti rəhbərləri ilə əlaqə saxlayaraq, onların AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibətini öyrənib.
Nurlan İbrahimov - “Qarabağ”: “Ardıcıl 7-ci dəfə çempion olmaq və ümumilikdə 8-ci dəfə Azərbaycan çempionatı kubokunu qazanmaq əla nəticədir. Bu bizim üçün klubun stabilliyini qorumaq baxımından çox vacibdir. Klubda əhval-ruhiyyə yüksək səviyyədədir. Komanda yeni dəyişikliklər və uğurlar qazanmaq istəyir. Gələcəkdə nə olacağını yaşayıb görəcəyik.
Fikrimcə, biz qərara hörmətlə yanaşmalıyıq. Bu qərar tək futbola görə deyil, insan sağlığı və cəmiyyəti düşünərək verilib. Qərar hazırda içində olduğumuz situasiyaya uyğun verilib".
Elnur Həmidov – “Sabah”: “Biz istərdik ki, çempionat davam etsin. Biz son oyuna qədər mübarizə aparmaq və Avrokuboklarda iştirak etmək şansımızdan yararlanmaq istəyirdik. Əlbəttə ki, bu qərar klubumuzun ürəyincə olmadı. Ancaq artıq qərar verilib və şərh edərək durumu dəyişmək olmur.
Elmar Abdullazadə - “Zirə”: – “Qərar bizi məyus etdi. Çünki, turnir cədvəlində “Sumqayıt”la xalımız eyni idi. Bəlkə də xal fərqi çox olsaydı, bizə bu qədər pis təsir etməzdi. Daha yaxşı olardı ki, bu barədə qərar erkən açıqlanardı. Klublar məşqlərə başlayıb, yoldaşlıq oyunları keçirdilər. Maddi baxımdan da klublar zərər etdi. Hər şeyi zaman göstərəcək.
Rəşad Məmmədov – “Sumqayıt”: “Avropa Liqasında iştirak etmək “Sumqayıt” üçün böyük uğurdur. Oyunçudan əməkdaşlara qədər hər kəsin bu uğurda payı var. Biz Azərbaycanı və Sumqayıtı Avropa Liqasında layiqincə təmsil etməyə çalışacağıq”.
Murad Axundov – “Keşlə”: “AFFA İcraiyyə Komitəsi çempionatı dayandırmağa qərar verib. Biz də bu qərara tabe olmalıyıq. Hazırki durumda insanların sağlamlığı hər şeydən önəmlidir”.