Voleybol üzrə qadınlardan ibarət milli komandamız Avropa çempionatında qrup mərhələsini 3-cü sırada başa vursa da, 1/8 finalda Türkiyə seçməsinə 0:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni başa vurub.
Yığmanın məşqçisi Famil Ağayev turnirlə bağlı Offsideplus.az-ın suallarını cavablayıb:
– Millimiz turnirdə necə çıxış etdi?
– Bakıda 3 qələbə qazanaraq qrupdan çıxdıq. Qrupun son matçında Niderlanda qalib gəlsəydik, o biri qrupun üçüncüsü olan Sloveniya ilə qarşılaşacaqdıq. Belə olsaydı, pley-offda daha irəli getmək və Türkiyə ilə düşməmək üçün şansımız daha çox idi.
– 1/8 final bizim üçün yaxşı nəticədir?
– Əlbəttə, amma bundan da yaxşı oynaya bilərdik.
– Türkiyə kimi komandalarla başabaş mübarizə aparmaq üçün nə etməliyik?
– Türkiyə çox güclü rəqibdir. Heyətlərində Melissa Varqas kimi dunya səviyyəli oyunçu var. Demək olar ki, hazırda ən güclü voleybolçudur və onun qarşısını almaq çox çətindir. Amma bu voleyboldur, daha yaxşı müqavimət göstərə bilərdik.
– Azərbaycan voleybolunun ən böyük problemi nədir?
– Akademiya istiqamətində işlər gedir, lakin bu, qısa müddətdə həll olunası məsələ deyil. Bir oyunçunun üst səviyyəyə çatması və formalaşması üçün zaman lazımdır. Ümid edirəm ki, gənclərimiz gələcəkdə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəklər.
– Sizcə, Polina Rəhimovanın yerini doldura biləcəyik?
– Polina kimi voleybolçu 100 ildə bir gəlir, yerini doldurmaq çətin olacaq. Amma zaman hər şeyi göstərəcək.


