“Əminəm ki, yaxşı oyun keçirəcəyik”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Fərid Calalov deyib.

Mütəxəssis qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb:

“Faiq müəllimin rəhbərliyi altında komandamız bir neçə uğurlu görüş keçirib. Məğlub olduğumuz matçlarda belə voleybolçularımız yaxşı oyun nümayiş etdirib. Bunu hamımız gördük. Komandada gənc oyunçularla yanaşı, əvvəlki qarşılaşmalarda iştirak edə bilməyən milli üzvlərinin də yer alması sevindirici haldır.

Millimizdə müəyyən fasilədən sonra canlanma var. Bir müddət əvvəl belə mübarizənin şahidi olmurduq. Niderland və Belçika ilə görüşlərdə məğlubiyyət qeydə alınsa da, demək olar ki, hər iki oyunda başabaş mübarizə getdi. Komanda əzmkardır, oyunçular əllərindən gələni edirlər. Bu gün Azərbaycan voleybolu Avropa çempionatının pley-off mərhələsində layiqincə oynamaq üçün maksimum güc qoyub”.

F.Calalov rəqibin də kifayət qədər güclü olduğunu vurğulayıb:

“Türkiyə yığmasının potensialı çox yüksəkdir. Ancaq bu gün öz millimizin də imkanlarını layiqincə dəyərləndirmək lazımdır. Əgər müəyyən durğunluqdan sonra Türkiyə kimi iddialı rəqibin qarşısına başabaş oynayan komanda çıxara bilmişiksə, deməli, artıq müəyyən uğur var. İnanıram ki, millimiz bu gün də yaxşı oyun nümayış etdirəcək. Faiq müəllim başda olmaqla, komandamıza bugünkü görüşdə uğurlar arzulayıram”.

Qeyd edək ki, İstanbuldakı “Sinan Erdem” İdman Salonunda keçiriləcək Azərbaycan – Türkiyə matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.