"Bakı ilə bağlı ilk təəssüratım 7-8 il əvvəl, turist kimi buraya səfər etdiyim zaman yaranmışdı”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Sabah”ın yeni basketbolçusu Mindauqas Susinskas deyib.

Litvalı forvard keçidi haqqında danışıb: “Şəhərin gözəl olduğunu bilirdim və bu təklif gələndə çox həyəcanlandım. Lakin indi Bakı mənə ilk səfərimdə xatırladığımdan daha gözəl və daha inkişaf etmiş görünür. İlk günlərimi şəhərə və yeni mədəniyyətə uyğunlaşmağa, mağazaları, yeməkləri və digər gündəlik həyat detallarını kəşf etməyə sərf etdim”.

Mindauqas komandada yaxşı oyunçuların olduğunu vurğulayıb:

“Düşünürəm ki, təkcə mənim deyil, bütün komandanın əsas məqsədi və ambisiyası yenidən Azərbaycan çempionu olmaq, Azərbaycan Kubokunu qazanmaq və Çempionlar Liqasında bacardıqca uğurlu çıxış etməkdir. Düşünürəm ki, çox yaxşı oyunçulardan ibarət qrupumuz var. Əgər çox çalışsaq və birlikdə oynasaq, qarşıya qoyduğumuz məqsədlərə çata biləcəyimizə inanıram.

Litva komandası ilə qarşılaşacağım üçün çox şadam. Eyni zamanda, qrupumuzun kifayət qədər çətin olduğunu düşünürəm. Amma məqsədlərimizə çatmaq üçün meydana çıxıb əlimizdən gələn mübarizəni aparacağıq".

Qeyd edək ki, 204 sm boyunda olan forvard karyerası ərzində "Alytaus Dzūkija", "Prienai", "NINERS Chemnitz" və son olaraq İspaniyanın "Bàsquet Girona" komandalarının formasını geyinib.