Azərbaycan U-20 yığmasının baş məşqçisi Anar Sarıyev U-18 millimizin Avropa çempionatındakı çıxışını Offsideplus.az-a dəyərləndirib:
“Açığı, heyətin üç əsas oyunçusu komandaya U-20 çempionatından sonra qoşulmuşdu və demək olar ki, bütün matçlarda meydanda oldular. Bu da təbii ki, yorğunluğa yol açırdı.
Qısa müddətdə bu qədər çox matç keçirmək asan deyil - həm U-20, həm də U-18 7 oyun oynadı. Bir tərəfdən bu böyük təcrübə idisə, digər tərəfdən yorğunluq öz sözünü deyirdi.
Düşdüyümüz qrupa baxsaq, Çexiya ilə Polşadan birinin 1-ci, digərinin 4-cü yeri tutduğunu görərik. Yəni ən güclü qruplardan birində mübarizə aparırdıq. Polşa 2-ci yeri tutsa da, onlarla oyunda son periyodda 22:0-lıq seriya edərək fərqi 8 xala endirməyi bacardıq. Təəssüf ki, oyunu çevirməyə vaxt çatmadı.
Gələcəyə ümidlə baxırıq və inanıram ki, nəticələrimiz daha da yaxşılaşacaq. Çünki ildən-ilə inkişaf var. Federasiya və bütöv basketbol ailəsi olaraq böyük işlər görürük. Ona görə də əminəm ki, gələn il və növbəti mövsümlərdə daha da güclü komandalarımız olacaq”.
Qeyd edək ki, Emmanuel Aqbason, İsmayıl Abdullayev və Hüseyn Məmmədov bu yay həm U-20, həm də U-18 Avropa çempionatında iştirak ediblər. U-20 turniri 11-ci, U-18 isə 16-cı yerdə başa vurub.


