“Hazırda “Neftçi”nin itirəcəyi nəsə yoxdur.”

Bu sözləri Offsideplus.az saytına açıqlamasında veteran futbolçu və məşqçi Tərlan Əhmədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının 29-cu turunda keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Bu matç hər iki komanda üçün olduqca vacibdir. Hər şeydən öncə komandaların adı ilə bağlıdır. “Neftçi” uzun illər Azərbaycan futbolunun flaqmanı olub, “Qarabağ” isə son illər ölkə futbolunda söz sahibidir. İmic məsələsindən savayı, turnir cədvəlindəki vəziyyət baxımından da bu oyunun əhəmiyyəti böyükdür.

Əgər “Neftçi” bu oyunda qalib gəlsə, dördüncü yerə daha da yaxınlaşar. “Qarabağ” qələbə qazansa, ikinci yerdə olsa da, topladığı xal hesabı ilə liderə yaxınlaşacaq. Hər halda, turnir cədvəlində ikinci yerdəki mövqeyini möhkəmləndirmək üçün bu oyunda qalib gəlməlidir.

Fikrimcə, oyun aqressiv keçəcək. “Neftçi” son oyunlarda yaxşı nəticələr göstərir. Buna baxmayaraq, bəzi matçlarda komanda oyununda ciddi səhvlərə də yol verir. Xüsusilə müdafiədə kobud səhvlər olur. Ümid edirəm ki, “Neftçi” bundan sonra daha maraqlı oyun nümayiş etdirəcək.

“Qarabağ” son oyunlarda hücumda bir qədər çətinlik çəkir. Müdafiədə də problemlər var. Həm Çempionlar Liqasındakı yorğunluq, həm də komanda daxilindəki müəyyən problemlər meydanda özünü göstərir.

Fikrimcə, bütün bu nüansları nəzərə alsaq, “Neftçi”nin üstünlüyü var”.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu aprelin 26-da, saat 19:00-da start götürəcək.