“Heyətimiz tamamilə yerli güləşçilərdən qurulub”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Qadın güləşi üzrə milli komandanın baş məşqçi əvəzi Toğrul Əsgərov deyib.

Mütəxəssis Serbiyanın Zrenyanin şəhərində keçiriləcək güləş üzrə U-23 Avropa çempionatına komandanın hazırlığından danışıb: 

“Bildiyiniz kimi, əsas heyətimiz gənclərdən ibarətdir. İlin ilk sınaq yarışı Zaqrebdə keçirilən reytinq yarışı oldu. Ardınca Macarıstanda bir neçə ölkənin güləşçilərinin iştirakıyla birgə təlim-məşq toplanışı keçdik. U23 Avropa çempionatına hazırlıq xarakteri daşıyan sonuncu toplanış isə Bakıda baş tutdu”.

Əsgərov komandada gənc güləşçilərin üstünlük təşkil etdiyini vurğulayıb: “Heyətdə kifayət qədər perspektivi qızlarımız var. Ancaq böyük uğurlar qazanmaq üçün bir az səbirli olmalıyıq. Onlar daha da püxtələşməli, təcrübələrini artırmalıdır. Hər yarış onlar üçün bir təcrübədir. İnanıram ki, bu yüksələn xətlə davam etsək, gələcəkdə bu idmançılarla nəzərəçarpan uğurlarla azarkeşləri sevindirə bilərik. Uzunmüddətli hədəfimiz budur ki, qızlarımız həm federasiyanın, həm də dövlətin dəstəyi sayəsində Olimpiya Oyunlarına lisenziya qazansınlar".

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi ilə Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) qüvvələrini sınayacaqlar.  Qitə birinciliyi martın 9-dan 15-dək keçiriləcək.