"Turan Tovuz" klubunun qapıçısı Aydın Bayramov Offsideplus.az-a müsahibə verib.

- Aydın, hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşmısınız. Bu pilləni qoruyub saxlamaq çətin olmayacaq?

- Mövsüm hələ təzə başlayıb. Oyunların gedişatından məlum olur ki, çempionat ağır olacaq. Bu mövsüm hər mövqe uğrunda gərgin mübarizə gedəcək. Əlimizdən gələni edəcəyik ki, yaxşı pillədə qərarlaşaq.

- Komandanın əsas qapıçısısan, ehtiyatda Tərlan Əhmədli və Kamal Bayramov kimi təcrübəli həmkarların var. Aranızda rəqabət var?

- Biz bir ailəyik, burda əsas oyunçu və ya ehtiyat oyunçu anlayışı yoxdur. Qapıçılar arasında isti münasibət və sağlam rəqabət var. Bu cür atmosferdə mübarizə aparmaq, ancaq uğura gətirib çıxarır

- Növbəti turda doğma divarlar arasında "Neftçi"yə qarşı oynayacaqsınız. 

- Doğma azarkeşlər önündə mübarizə aparacağıq. Ağır oyun olacaq, nəzərə alsaq ki, rəqib "Neftçi" klubudur. Çalışacağıq ki, yaxşı nəticə ilə oyunu tamamlayaq. Ən əsası, azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Azarkeşlər bu mövsüm "Turan Tovuz"dan hansı nəticəni gözləyə bilərlər?

- Tovuz əzəldən futbol şəhəri olub. Yerli sakinlər futbola sevgi bəsləyir, bu idman növünü dərindən bilirlər. Eyni zamanda, azarkeşlərimiz bizi daim qələbəyə səsləyirlər. Biz də onların istəyini həyata keçirmək istəyirik. İnşallah, zamanla daha da yaxşı olacaq.

- Bir qapıçı kimi sənə görə hansı komandalarla qarşılaşmaq asan və ya çətindir?

- Bu mövsüm hansısa komandanı xüsusilə vurğulamazdım. Həqiqətən, çempionat gərgin keçir, asan rəqib yoxdur.

- Bir müddət öncə milliyə də dəvət alırdın. Amma son dönəmlər dəvət gəlmir...

- Bəli, dəvət alırdım. Ancaq hazırda bu barədə bir söz deyə bilmərəm. Məşqçinin qərarına hörmətlə yanaşıram, hər bir futbolçu millidə oynamaq istəyir, mən də onlardan biriyəm

- Özünü milliyə hazır görürsən?

- Özümü həmişə formada saxlamağa çalışıram. Məşqlərdə və oyunlara kontrolu qorumaq üçün əlimdən gələni edirəm. Son qərar isə məşqçilərindir.

Daşqın Əziz