"Kəpəz"in 26 yaşlı gürcüstanlı vingeri Mate Kvirkviya Premyer Liqanın 28-ci turu çərçivəsində bu gün doğma meydanda "Səbail"ə qalib gəldikləri oyundan (1:0) sonra Offsideplus.az-ın suallarını cavablandırıb.

 - "Səbail" üzərində vacib qələbə qazandız. Bu oyunla bağlı fikirlərini bölüşərdin...

 - Bizi çətin oyun gözlədiyini bilirdik və ciddi hazırlaşmışdıq. Bu matçda qələbəyə əmin idik. Bizə vacib olan da bu idi. Komanda üzvlərini qazanılan 3 xal münasibətilə təbrik edirəm!

- Stadionun ot örtüyünün bərbad durumda olması oyununuza nə dərəcədə təsir etdi?

- Bu, çox böyük problemdir. Meydançanın bu vəziyyətdə olması yaxşı oynamağımıza mane oldu.

- Mövsümün bitiminə 8 tur qalıb. Səncə, "Kəpəz" elitada qala biləcək?

- Bəli! Bizim çempionatda qalmağımızı istəməyən bütün insanlara səslənirəm ki, bu klub həmişə zirvədə olacaq. Sizi əmin edirəm ki, "Kəpəz" elitada qalacaq.

- İki aydır ki, maaşlar ödənilmir. Məvacib almasaz belə, komanda meydanda "döyüşür", qələbə qazanır. Motivasiyanı necə yaradırsız?

- Təbii ki, məvacibimizin vaxtlı-vaxtında verilməməsi bizi məyus edir. Amma hər oyunda meydana azarkeşlərimizi sevindirmək üçün çıxırıq. Federasiyadan bizə söz verilib ki, gələn həftə maaşlar ödəniləcək. Nə edək, gözləyirik (gülür).

- Bizdə olan məlumata görə, klubun İdarə Heyətinin sədri İlqar Nadiri öz cibindən futbolçuların müəyyən xərclərini qarşılayıb...

- Bəli, müəyyən miqdarda köməklik olundu. Prezidentimiz və məşqçilərimiz istər maddi, istərsə də mənəvi məsələlərdə hər zaman yanımızdadırlar. Onlara minnətdarlığımı bildirirəm!

- İyunun 30-da müqavilənin müddəti bitir. Sözləşməni yeniləməyi düşünürsən?

 - Hazırda sadəcə "Kəpəz"i düşünürəm. Komandam üçün əlimdən gələni etməyə çalışıram. Nəyin necə olacağını zaman göstərər.

- Başqa klublardan təkliflər var?

- Bəli. Xarici ölkələrdən bir neçə təklifim var.

- Hansı ölkələrdən?

- Özbəkistan, Qazaxıstan və Polşadan.

Daşqın Əziz