Birinci Divizionda mübarizə aparan "Turan Tovuz-2"nin 18 yaşlı yarımmüdafiəçisi Rəşad Əliyevin Offsideplus.az-a müsahibəsini təqdim edirik:

– Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşmısız. Komandanın çıxışını necə qiymətləndirirsən?

– 2-ci yer yaxşı nəticədir. Lakin hər bir komanda kimi biz də çempion olmaq istəyirik. Komanda şəklində çalışırıq ki, mövsümün sonunda çempion olaq. Buna inanırıq.

– Növbəti turda "Kəpəz-2" ilə qarşılaşacaqsız. "Turan Tovuz" Premyer Liqanın ötən turunda "Kəpəz"i iki cavabsız qolla məğlub etdi. Bəs bu oyundan gözləntin nədir?

– Bəli, əsas komandamız "Kəpəz"lə oyunda yaxşı mübarizə aparıb, qələbə qazandı. Biz də növbəti "Qərb derbisi"nə hazırlaşırıq. Ağır oyun olacaq, lakin səfərə qələbə qazanmaq üçün gedəcəyik.

– Çıxdığın oyunlarda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmısan...

– Bəli, çalışdığım qədər yaxşı oyun göstərib, komandama kömək etmək istəyirəm.

– "Turan Tovuz"un əsas komandasına dəvət alacağını gözləyirsən?

– Hər bir gənc futbolçu kimi mənim də başlıca məqsədim əsas komandaya dəvət almaqdır. Əgər bu baş versə, orada özümü göstərib, komandanın əsas oyunçularından biri olmağa çalışacağam.

– Özündən başqa hansı oyunçuların adını çəkə bilərsən ki, Ayxan Abbasov onlara da bu şansı yarada bilər?

– Komandamızda yaxşı oyunçular çoxdur. Hər biri orada oynaya biləcək futbolçulardır, amma istərdim ki, gənc oyunçuların adlarını çəkim. Bu mənada, Elçin Qasımov, Nazim Həsənzadə, Sənan Aslanov və Sadiq Şəfiyevi qeyd edə bilərəm.

– Səncə, bu il milli komandaya çağırılacaqsan?

– Hər bir futbolçu kimi mən də millidə oynamaq istəyirəm və bu il yığmaya dəvət ediləcəyimi gözləyirəm.

– Birinci Divizionda əsas rəqibiniz "Araz Naxçıvan"dır. Sizi liderdən 4 xal ayırır. Səncə, çempion ola biləcəksiz?

– Bəli, əsas rəqibimiz "Araz Naxçıvan"dır. Lakin inanırıq ki, mövsümün sonunda bu fərqi aradan qaldırıb, çempion ola bilərik.  Ən əsası isə onlarla Tovuzda çətin oyunumuz var. Evdə qələbə qazanaraq, bu işi asanlaşdıra bilərik.

Daşqın Əziz