Misli Premyer Liqasının XIII turunda "İmişli" "Sabah"a 0:3 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında İmişli təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya məğlubiyyəti şərh edib:
"Oyun bizim üçün kifayət qədər gərgin keçdi. Uduzduğumuz üçün müəyyən qədər məyusluq yaşadıq. Bununla belə, “Sabah” kimi güclü bir komandaya qarşı belə səviyyəli oyun sərgiləməyimiz bizim üçün də müsbət haldır. Oyunçularımız yüksək rəqabət göstərdilər.
Birinci hissəyə “Sabah” daha yaxşı başladı, lakin sonradan biz oyunu bərabərləşdirməyi bacardıq və hətta bir qol da vurduq. Hesab etdiyimizə görə həmin qol ofsayd deyildi, amma VAR fərqli qərar verdi. Təəssüf ki, bu ilk dəfə deyil ki, çətin məqamlarda VAR qərarları bizim əleyhimizə olur. Bu da məsələnin digər tərəfidir.
İkinci hissədə oyun bərabər başladı. Lakin ilk qoldan sonra və xüsusilə iki qol arasındakı cəmi 5 dəqiqəlik fərq oyunun axarını tam dəyişdi. Buna baxmayaraq, futbolçularımız mübarizəni davam etdirdilər və hesabı azaltmaq üçün güclü istək nümayiş etdirdilər. Yaratdığımız yaxşı qol imkanlarına baxmayaraq, fərqlənə bilmədik. Oyun daha da açıldı və nəticədə “Sabah” üç qol vurmağı bacardı.
“Sabah” klubunu qələbə münasibətilə təbrik edirəm. Eyni zamanda, komanda üzvlərimi də göstərdikləri xarakter və mübarizəyə görə təbrik edirəm. “Sabah” kimi güclü rəqibə qarşı oynamaq həqiqətən çətindir, lakin futbolçularımızın ortaya qoyduğu oyunla qürur duyuruq”.



