"Həqiqi çempionluq oyunu idi, hər iki tərəf ağıllı və dinamik oynadı".
Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının XXXII turunda "Sabah"a qarşı oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov söyləyib. 53 yaşlı mütəxəssis çempionluğu şərh edib:
"Futbolçularımı təbrik edirəm. Bir illik əziyyətdən sonra çempion olduq. Bu, məni sevindirir. Azarkeşlərimiz də bu çempionluğa layiqdir. İlboyu bizimlədirlər, tək qoymurlar. “Sabah”a uğurlar arzu edirəm. Onları həmişə dəyərləndirmişəm. Sürətli, texnikalı oyunçuları var. Bu komandaya qarşı yaxşı oynamaq üçün çox hazırlaşmalıyıq. Düşünülmüş hücumları olur. Diqqətsizlik qapımızda qola səbəb oldu. Uşaqları oyunda motivasiyada saxlamaq asan deyil. Onların arzusu olmasa, bunu etmək çətin olar. İlk dəqiqələrdən sona kimi yaxşı mübarizə apardılar. Hər uğurun ilkləri daha xoş olur. Mən isə həmişə növbəti uğur üçün can atıram".
Q.Qurbanov start "11-lik" seçimini belə izah edib:
"Heyəti tam dəyişmişdik. Son matçlarda demək olar, eyni heyətlə oynayırdıq. Yorğunluq hiss olunurdu. Həm uşaqları qorumaq istəyirdim. Yükləmə olanda bərpa bir az zaman alır. Çoxdan oynamayan uşaqlar da dinamikanı qorumağa çalışdılar. Onlara təşəkkür edirəm. Hər çempionatda belə heyətlə oyunlarımız olur və onlar çempionluqda böyük pay sahibidir".
O, "Qarabağ"da qalacaq, gedəcək və transfer ediləcək futbolçular barədə bu sözləri deyib:
"Köklü dəyişiklik ağır gəlir. Vəziyyətə uyğun addım atmağa çalışacağıq. Hansı futbolçu ilə işləmişəmsə, onu göndərmək istəməmişəm. Onların əziyyətini görürəm. Buna görə kimisə göndərmək istəmirəm. Baş məşqçi kimi ayrılıqlar çətin gəlir. Komandaya yeni nəfəs vermək, aktivləşdirmək üçün şansımız olsa, addımlar atacağıq. Heyətimizə yeni oyunçular qatmaq istəyirik. Bəzi gedənlərin yeri boş qalıb. Qlobal dəyişiklik olacağını demək olmaz. Hər ilin sonunda rəhbərliklə müzakirələrimiz olur. Qarşılıqlı təşəkkür edirik. İşimizi düzgün yetirsək, birlik möhkəm olsa, uğur olur. Danışacağıq. İllərboyu həmişə istəmişik ki, yayda daha çox transfer edək. Bəzən olub ki, 4-5 transfer istəyib, sonda 2 yeni oyunçu gətirmişik. Diqqətimdə olan oyunçular var. Bəzən hər istədiyin oyunçunu gətirə bilmirsən. Avropaya meyilli olurlar, maliyyə baxımından fərqli istəkləri olur. Hər bir halda, yeni nəfəs lazımdır. Daha uğurlu olmaq istəyiriksə, çox çalışmalı, heyətimizi gücləndirmək istəyirik".
"Qarabağ"ın çalışdırıcısı Marko Veşoviç və Yassin Benzianın gələcəyi barədə danışıb:
"İstəyərəm ki, bu oyunçularla illərlə birlikdə olaq. Bir-birimizi yaxşı anlayırıq. Yazılanlar doğru deyil. Hansısa futbolçunun yüksək maaş tələbi olduğu üçün müqavilə bağlanılmadığı kimi məsələ olmayıb. Futbolçular bir yaşdan sonra son addımlarını atmaq istəyirlər. Veşoviç və Benziada maaş məsələsi olmayıb. Hər oyunçunun öz yeri var. Futbolçular öz bacarıqlarına görə fikirlərini bildirirlər. Kadi gəldi deyə, kimsə maaşımı artırın deməz. Bəzən olub ki, bir futbolçuya ilboyu danışığımız olub. Oyunçular üçün də qərar vermək asan olmur. Onların özlərinə də çoxlu məsləhət verən olur. Onları anlayıb, sərbəst buraxıram. Futbolçu karyerası qısadır, olduğun yerdə ürəkdən oynayır, bu komandanın uğuru üçün güclərini sona kimi qoyursa, mən də hansısa kompromisə getməliyəm".