"Turan Tovuz" klubunun baş məşqçisi Kurban Berdiyev AFFA tərəfindən sərt cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, buna təcrübəli çalışdırıcının aprelin 12-də Misli Premyer Liqasının XXX turunda “Sabah”la oyununun 19-cu dəqiqəsində qırmızı vərəqə (ardıcıl 2 sarı vərəqə) aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
AFFA İntizam Komitəsi K.Berdiyevi 3-ü şərti olmaqla 5 oyun diskvalifikasiya edib. Şərti cəza üçün sınaq müddəti 3 ay nəzərdə tutulub. Bundan başqa, “Turan Tovuz” 4000 manat cərimələnib.
İntizam Komitəsi digər 2 hala görə Tovuz təmsilçisinə daha 1800 manat cərimə kəsib.
Belə ki, “Turan Tovuz”un azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu, cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə klub 1000 manat cərimə ödəməlidir. Fanatların meydançaya kənar əşyalar atması isə “Turan Tovuz”a 800 manata başa gəlib.
Sözügedən oyunla bağlı "Sabah" da cəza alıb. Matçın 45+2-ci dəqiqəsində Pavol Safranko qırmızı vərəqə aldığı üçün növbəti turu buraxmalı olacaq, Bakı klubu isə 500 manat cərimə ödəyəcək.