Misli Premyer Liqasının XXIX turunda "Sabah"ı məğlubiyyətə uğradan "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis 1:0 hesablı qələbəni şərh edib:

"Aprel ayının ilk günlərini yaşadığımız üçün bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərə cansağlığı arzulayıram. Bu gün vaxtilə komandamızın kapitanı olmuş Şəhriyar Rəhimovun doğum günüdür. Onu da yad edirik. Yəqin ki, ruhu şaddır. Azarkeşlərimizə dəstəyə görə minnətdarıq. Bizi lazımi səviyyədə dəstəklədilər. Maraqlı oyun alındı. Qolumuzu vurub müdafiəyə çəkildik, əks-hücumda oynamağa çalışdıq. İstədiyimiz nəticəni qazandıq. Belə rəqiblərlə oyunda komanda xal itirməkdən qorxmur, rahat oynayır. Ona görə də bu cür matçlarda oyunumuz və nəticə daha yaxşı alınır".