"Səbail" klubu baş məşqçi Cavid Hüseynovla vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, klubun bəyanatından 2 saat əvvəl 37 yaşlı mütəxəssis mətbuat konfransında rəhbərliyi sərt tənqid edib, tək olduğunu bildirib. Bundan sonra Bayıl təmsilçisi gənc mütəxəssisin istefaya göndərildiyini ictimaiyyətə açıqlayıb. 

C.Hüseynovun "Neftçi"yə qarşı oyundan sonra mətbuat konfransında dediyi bəzi fikirləri təqdim edirik:

"Mən məşqçi kimi həddindən artıq tək qalmışam. Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha 2 futbolçu istəyirdik, alınmadı. Axırıncı yerdə gedən komanda necə ola bilər ki, güclənməsin? Təhlükə var burada. Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Bu durum belədir. Futbol ictimaiyyəti tərəfindən də belədir. Hamı danışır ki, "Səbail" komandası heç kimə lazım deyil. Düşünmürük ki, burada nə qədər futbolçular var. Məşqçi kimi Azərbaycana gələcəkdə xeyir verə bilərəm. Mənim də xəyallarım, arzularım var. Bu dəqiqə hamı deyir ki, problem Cavid Hüseynovdadır. Xeyr, elə deyil. Mən də istəyirdim ki, mənim hücumçum olsun. Bir Nşuti gəldi, bir də 2 il futbol oynamayan Mirabdulla. Başqa heç kim gəlmədi. Problemlər böyükdür. Tək toparlamağa çalışıram. Amma buna tək gücümüz çatmaz. Məşqçiyə dəstək olmalıdır.

Pis oynadığımızı demirəm. Onsuz da "Səbail" qışdan sonra "Şamaxı" ilə matçdan savayı, bütün komandalara qarşı yaxşı oynayıb. Siz yazmasanız belə, böyük məşqçilər oyunumuzdan, strategiyamızdan danışırlar. "Qarabağ"a qarşı da oyuna belə çıxmışdıq. Mənə dedilər ki, tutduğundan əl çəkmə, düzgün yoldasan. Mən məşqçi kimi ancaq bunu edə bilərəm. Mən nə edim ki, "Səbail" heç yerdən dəstək görmür. Biz qələbə qazanırıq, üzr istəyirəm, mükafatımız 500 manat olur. Təsəvvür edirsiz? Pula görə oynamırıq. Amma bu durumda komandaya motivasiya olaraq, hansısa dəstək olmalıdır. "Kəpəz" hansısa komandanı udursa, əməlli-başlı pul alır. Amma biz? Çətinliklər çoxdur".

Qeyd edək ki, Cavid Hüseynov 2024-cü ilin noyabrından "dənizçilər"in sükanı arxasına keçmişdi. Onunla 2024-25 mövsümünün sonunadək müqavilə imzalanmışdı. 

Turnir cədvəlində 18 xalla sonuncu yerdə qərarlaşan "Səbail" bu gün "Neftçi"yə 1:2 hesabla məğlub olub.