Roman Qriqorçuk "Neftçi"nin yeni baş məşqçisi təyin olundu. 

Mütəxəssislə 2 illik müqavilə imzalandı.

Ukraynalı çalışdırıcının gəlişi kluba faydalı olacaqmı? Hazırda "Neftçi"də baş verən dəyişikliklər özünü doğruldacaq? Suallarımızı klubun sabiq idman direktoru Güloğlan Cabbarova ünvanladıq. Funksioner Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Neftçi"nin bir-iki il ərzində bütün məqsədlərinə çatacağı inandırıcı görünmür . Çünki mətbuatdan oxuduğuma görə, klub rəhbərliyi Roman Qriqoçukdan həm çempion olmaq, həm də kubokun qazanılmasını istəyib." Neftçi"nin bir ilin içində bu titulların qazanması üçün ilk olaraq ard-arda 10 il Avropa Liqasında Azərbaycanı təmsil edən "Qarabağ" kimi təcrübəli komandanı üstələməsi gərəkir. Təbii ki, "Qarabağ" keçilməyən klub deyil. Bu illər ərzində böyük təcrübə qazanmış komandanı belə rahatlıqla göz ardı etmək olmaz. Bunun üçün təkcə büdcənin 30 milyona qaldırlması çox şeyi dəyişmir. Böyük işlər görmək, nizam-intizamlı, mehriban komanda yaratmaq və seleksiya işlərini düzgün aparmaq əsas şərtlərdən biridir. Roman Qriqorçukun işinə gəldikdə isə bunu Tərlan Əhmədovada həvalə etsəydilər də olardı. Bu qədər büdcə və şərtlərlə Tərlan da bu işi layiqincə yerinə yetirə bilərdi. Bildiyiniz kimi, "Neftçi"də çalışdığımız illərdə Sadiq Sadıqov əcnəbi məşqçilərə üstünlük verməyib. Çünki bizim Azərbaycan futboluna Mourinyonu da gətirsən, burada baş çıxara bilməyəcək. Loqo ilə məşğul olmaqdansa, "Neftçi"nin əvvəlki əzəmətini geri qaytararaq baxımlı futbolla azarkeşləri stadionlara qaytarmaq lazımdır. Fanatlara "Neftçi"nin futbolu maraqlıdır. Loqo ilə məşğul olmağın vaxtı deyil".