Misli Premyer Liqasının 3-cü turunda “Kəpəz” doğma meydanda “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra “Kəpəz”in baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Çalışdırıcı əvvəlcə yeni stadionda keçirilən ilk oyundan və qələbədən danışıb: “Şəhərimizə və ölkəmizə belə stadionu ərsəyə gətirən hər kəsə təşəkkür edirəm. Gəncəyə xoş gəlmisiniz. Yeni stadionda ilk oyunumuzda qələbə qazanmaq sevindiricidir. Möhtəşəm azarkeşlərimiz var idi. Hər oyunda belə azarkeşlərimizin olmasını istərdim. Güclü rəqibə qarşı oynayırdıq. “Turan Tovuz”u analiz edəndə düşünürdüm ki, necə qol vuracağıq? Şükür ki, alındı. Çox ağır və vacib qələbə qazandıq. Azarkeşlərə, rəhbərliyə, futbolçulara, xadimə bacılarıma – hər kəsə təşəkkür edirəm. Qələbə hər kəsin sayəsindədir”.

Azər Məmmədov “Gəncədə gəncəli işləməlidir” fikrinə münasibət bildirib: “Bu mövzu ilə razılaşmıram. Layiq olan kimdirsə, işləməlidir. Bu gün də məni məsləhət görüblər”.

Qələbə barədə danışan baş məşqçi komandanın hələ üzərində işləməli olduğu məqamların çox olduğunu qeyd edib: “Əvvəl işləyəndə “Neftçi”ni udmuşduq. İndi də belə oldu. Çatışmazlıqlarımız çoxdur. Çox işləməliyik. Uşaqlara dedim ki, bu qələbə bizim gücümüz deyil. 3 il əvvəl uğursuzluq olmuşdu, ümid edək ki, bu dəfə belə olmaz”.