"Mayami Hit"in baş məşqçisi Erik Spolstra ilə bağlı maraqlı fikir səsləndirilib. Klubun tanınmış idman şərhçisi Ayra Vinderman hesab edir ki, 2028-ci il Olimpiadasından sonra Spolstra rəhbərlikdə vəzifə tuta bilər.

Offsideplus.az xəbər verir ki, Vinderman bu barədə belə danışıb: "Əgər "Mayami Hit"də yenilənmə olacaqsa, məncə, 2028-ci il Olimpiadasından sonra Spolstra üçün rəhbərliyə keçmək və məşqçilikdən bir qədər uzaqlaşmaq təbii addım olar. Hazırda ona işləmək xoş gəlir. Amma kim bilir? Ola bilsin, o, karyerasını sonadək məşqçi kimi davam etdirmək istəyir. Bəlkə də, başqa rolda geri dönər və işini davam etdirər. Fikrimcə, Pet Rayli də heç vaxt tam olaraq ayrılmayacaq".

Qeyd edək ki, Erik Spolstra 2008-ci ildən "Mayami Hit"in baş məşqçisidir və ABŞ-ın dörd əsas peşəkar idman liqasında ən uzun müddət işləyən baş məşqçi hesab olunur.