Misli Premyer Liqasının XIX turunda "Sabah" "Araz-Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşüb:
"İlk öncə futbolçularımı təbrik edirəm. Möhtəşəm qalibiyyət idi. Oyunçularım meydanda necə ac olduqlarını göstərdilər. "Zirə", "Araz-Naxçıvan" top kollektivlərdir, yaxşı oyunçuları və yaxşı baş məşqçi heyəti olan komandalardır. Stadiona azarkeşlərin daha çox gəlməsini istərdim. Qollar vurulanda onların sevinməsini eşitmək yaxşı olardı. Rəhbərliyi təbrik edirəm. Oyuna gəlincə, ilk 15 dəqiqədə yaxşı iş gördük, 3 qol vurduq. Birinci hissənin sonunda da çox şanslar yaratdıq. İkinci hissə çox xüsusi olmadı. 4-cü qolumuz çox möhtəşəm idi. Bir az üzgünük, qapımızı toxunmaz saxlamaq istəyirdik. Yenə eyni şeyi edəcəyik, məşqə qayıdıb, növbəti oyuna hazırlaşacağıq".
Dambrauskas "Neftçi" - "Qarabağ" oyununun mümkün təxirə salınması ilə bağlı suala sərt cavab verib:
"Bu sualın mənə aidiyyəti yoxdur. Niyə bu sualı cavablandırmalıyam? Hər dəfə mətbuat konfransında "Qarabağ" klubu ilə bağlı sual səsləndirilir. Bu kluba qarşı hörmətim böyükdür. Lakin bu, mənə, bizə qarşı hörmətsizlikdir. Liqada cədvəli hazırlayan şəxs mən deyiləm".



