Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən 2026-cı ilin ilk reytinq turniri Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə üçün uğurlu olub. İdmançımız turniri bürünc mükafatla başa vurub.
Offsideplus.az xəbər verir ki, digər təmsilçilərimizdən Nərgiz Səmədova (53 kq) həm təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), həm də təsəlliverici qarşılaşmada yaponiyalı rəqibi Umi İmaya (1:13) məğlub olaraq yarışı medalsız tərk edib.
57 kq çəki dərəcəsində mübarizə aparan Jalə Əliyeva isə ilk görüşdəcə braziliyalı Culya Penalberaya (4:14) uduzaraq çıxışını erkən dayandırıb.
Uğurlu nəticəyə imza atan Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosunla (0:2) bacarmasa da, üçüncü yer uğrunda həlledici görüşdə yaponiyalı Mahiro Yoşitake üzərində 4:1 hesablı inamlı qələbə qazanaraq fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, sözügedən turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandamız təmsil edir.



