Azərbaycanın sərbəst güləş üzrə U-20 milli komandası növbəti hazırlıq mərhələsinə start verir.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc güləşçilərimiz sabahdan etibarən Türkiyənin Bursa şəhərində yerli milli komanda ilə birgə təlim-məşq toplanışına başlayacaqlar. 15 gün davam edəcək hazırlıq prosesində əsas diqqət taktiki və texniki çalışmalara ayrılacaq.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında toplanışa 11 idmançı cəlb olunub:
Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq).
Hazırlıq başa çatdıqdan sonra seçməmiz aprelin 17-19-da Antalyada keçiriləcək ənənəvi "Çempionlar" turnirinə yollanacaq.


