"Sabah" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında səfərdə "Qarabağ"la heç-heçə edib - 2:2.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunla bağlı fikirlərini bildirib:

"Hər iki komanda gözəl oyun sərgilədi. Azarkeş olsa idim, belə oyundan zövq alardım.Tərəflər üçün bu oyun asan olmadı. İki həftəlik fasilədən yenidən qayıtmaq çətin idi. Qol buraxdıqdan sonra reaksiyamız əla idi. Görüşün 60-ci dəqiqəsindən sonra daha yaxşı oynayan tərəf biz idik. Son zərbələr daha dəqiq olsa idi, hesab fərqli ola bilərdi".

O, ilk 60 dəqiqədəki "Qarabağ"ın üstünlüyü barədə isə bunu deyib:

"Buna səbəb "Qarabağ"dır". Hesabda önə keçsək də, sonradan rəqib təzyiqi artırdı və biz çox sadə top itkilərinə yol verdik. Əvvəlki matçlarda nümayiş etdirdiyimiz oyun quruculuğunu bu gün tam icra edə bilmədik. Fasilədən sonrakı ilk oyun olması buna təsir etdi, lakin növbəti matçlarda bu çatışmazlıqları aradan qaldıracağıq".

O, matça start heyətində başlayan Rəhman Daşdəmirovun performansına da toxunub.

"Rəhman bizim üçün dəyərli oyunçudur, çünki fərqli mövqelərdə çıxış edə bilir. İqorun yoxluğunda bu gün göstərdiyi oyundan razı qaldım. Heyətdəki hər bir futbolçum şans qazanmağa layiqdir."

Litvalı mütəxəssis Aleksey Kaşuk barədə iddiaların şayiə olduğunu bildirib:

"Aleksey Kaşukla bağlı yayılan xəbərlər sadəcə şayiədir. Hazırda transferlərdən çox cari oyunlara köklənmişəm. Klubun güclü idarəçiliyi və skaut komandası var, onların işinə tam güvənirəm. Yerli oyunçular hər zaman diqqətimizdədir, çünki onlar klubun özəyini təşkil edirlər."

Dambrauskas yerli futbolçu transfer edəcəksinizmi sualına isə belə cavab verib:

"Təbii ki, çempionatda oynayan yerli futbolçular daim nəzarətimizdədir. Onlar daim klubların döyünən ürəyi olacaq".