İyunun 27-də Milli Gimnastika Arenasında baş tutan "UFC Fight Night Baku" turniri böyük ajiotajla yadda qalıb.

Offsideplus.az xəbər verir ki, builki turnirə maraq ötən illə müqayisədə kəskin şəkildə artıb və biletlər rekord müddətdə satılıb.

Arenadakı 11 minə yaxın tamaşaçının təxminən 40 faizini xarici qonaqlar təşkil edib. Ümumilikdə isə Bakıdakı döyüşləri izləmək üçün dünyanın 72 fərqli ölkəsindən azarkeş Azərbaycana axın edib.

Gecə idmançılarımızın parlaq qələbələri ilə yadda qalıb. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov isə amerikalı Erik Nolanı məğlubiyyətə uğradıb. Gecənin əsas döyüşündə isə Rafael Fiziyev meksikalı rəqibi Manuel Torres üzərində inamlı qələbə qazanıb. Təmsilçilərimizdən yalnız Nazim Sadıxov braziliyalı Mateus Kamiloya uduzub.