GLORY kikboksinq təşkilatı yarımağır çəki dərəcəsi üzrə titul döyüşünü rəsmi olaraq elan edib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bəhram Rəcəbzadə 25 aprel tarixində Rotterdamda keçiriləcək GLORY 107 turnirində kəmər uğrunda Donavan Uisse ilə üz-üzə gələcək.

Təşkilatın açıqlamasına əsasən, mövcud çempion Tarik Xbabez tituldan məhrum edilib. Xbabez daha əvvəl 25 aprel tarixində titulunu qoruyacağını təsdiqləsə də, Bəhram Rəcəbzadəyə qarşı revanş döyüşündən imtina edib.

GLORY rəhbərliyi döyüş cütlüklərini təşkilatın müəyyən etdiyini və çempionun əsas iddiaçı ilə qarşılaşmaqdan imtina etdiyi üçün titulun əlindən alındığını bildirib.

Qeyd edək ki, Rəcəbzadə ilə Xbabez arasında keçirilən ilk qarşılaşma “İlin döyüşü” kimi qiymətləndirilmiş və minimal fərqlə qərarla nəticələnmişdi. Həmin döyüşdən sonra azarkeşlər revanşı tələb edirdi.

Artıq vakant qalan yarımağır çəki üzrə dünya çempionu kəməri uğrunda Bəhram Rəcəbzadə ilə Donavan Uisse qarşılaşacaq. Turnir Rotterdamın RTM Stage arenasında keçiriləcək.