"Çoxdandır ki,millimizdə belə istək, belə əzm görmürdük”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında veteran Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.
O, yığmamızın DÇ-2026-nın seçmə mərhələsində səfərdə Ukraynaya 1:2 hesabı ilə məğlub olduğu matç haqqında fikirlərini bölüşüb:“Sevindirici haldır ki, rahat şəkildə bu oyun haqqında danışa bilirik. Biz bu oyunu sona kimi mübarizə apararaq, döyüşərək uduzmuşuq. Milli komanda yaxşı oyun göstərdi.
Əzmkarlığın üzərinə taktika qoyulmalıdır. Bir sözlə çalışmaq lazımdır. Belə oyunlar göstərir ki, bizdə futbol da var, futbolçu da. Ancaq prosesi idarə etmək, onları oynatmaq lazımdır”.
İsmayılov İslandiya ilə oyun haqqında da danışıb:
“Bundan sonrakı oyunumuz İslandiya ilə olacaq. O İslandiya ki, gəzə-gəzə məzələnə-məzələnə, qapımıza beş qol vurmuşdu. Əgər yığma ötən oyundakı əzmi İslandiyaya qarşı da göstərsə, yaxşı nəticə əldə edə bilər. Ümumiyyətlə, top komandaları çıxsaq, İslandiya, Ukrayna kimi komandalardan xal almaq mümkündür. Sevindirici haldır ki, Ayxan Abbasov qısa müddət ərzində komandanı bu yerə gətirib çıxara bildi. Zamanla daha yaxşı nəticələr görəcəyimizə inanıram”.
Qeyd edək ki, Azərbaycan-İslandiya oyunu noyabrın 11-də Bakıda keçiriləcək.



