Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Latviya - Azərbaycan yoldaşlıq oyunundan (0:0) sonra jurnalistlərə müsahibə verib. 

Offsideplus.az müsahibəni təqdim edir:

- Meydandan gördüyüm bu idi ki, topa daha çox sahib olan tərəf biz idik. Rəqibin təhlükəli epizod yaratdığı an yadıma düşmür. Səhv etmirəmsə, 2 standart vəziyyətdən bizə qarşı nə isə yarada bilmişdilər. Ümumilikdə, üstünlük bizdə idi, son nöqtəni qoymaqda problemlər oldu. Düşünürəm ki, pis oyun olmadı. Ən önəmli məqam epizod yarada bilməyimizdir. Epizod olmayacağı halda oturub düşünməliyik ki, oyunlarda niyə hücum qura bilmirik. Sonuncu - üçüncü zonada daha iti olmaq lazımdır. 

- "Nürnberq"də daha çətin vəziyyətlərdə qol vurmusan. Milli komandadakı tilsim nədir?   

- Klub və milli komandanı müqayisə etməyək. Klubda başqa futbol oynayırıq, burda başqa. Orda fərqli futbolçular olur, yığmada fərqli oyunçularla oynayırıq. Bu sözümü istəmirəm ki, başqa tərəfə yozasınız. Mən demirəm ki, burda zəif, orda güclü futbolçular oynayır. Xeyr. Klubda daha uzun müddət birgə oluruq, anlaşma daha yaxşı olur. Millidə isə o qədər zamanımız olmur. Məşqçilər dəyişdiyi zaman, yeni oyunçular da cəlb edirlər. Məsələn Xəyal, Şahin, Ceyhun, Rəhman və bəzi futbolçular var ki, yığmaya yenidir. İstər-istəməz bir-birimizi anlamaq, kimyanı tutmaq üçün zaman tələb olunur. Epizodlara gəlincə, hər kəsin fikrinə hörmətlə yanaşıram. Əlbəttə ki, məyusam Paltardəyişmə otağında da ağlımda hələ də son epizod keçir, dəyərləndirə bilərdim. Lakin heç birini rahat epizod adlandıra bilmərəm.

- Macarıstan yığmasına qarşı ev oyunu barədə nə düşünürsən? 

- Macarlar daha keyfiyyətli, Latviyada daha üstün komandadırlar. Onlara qarşı bir dəfə çıxış etmişəm. Bu rəqibə qarşı pis döyüşməmişdik. İndi evdə oynayacağıq, ümid edirəm ki, azarkeşlər bizi tək qoymaz. Yoldaşlıq oyunu olmasına baxmayaraq, bizə qələbə çox vacibdir. Bu sözlərim kiməsə gülünc gələ bilər, kimsə sözümü önəmsəməyə bilər. Milli komandaya gələndə, ağlında olan tək fikir sonacan savaşıb, qələbə üçün oynamaqdır. Mən bu mentalitetdəyəm. 

- Karyeran ilə bağlı hansısa yenilik var? 

- Danışıqların yekunlaşmasını gözləyirəm. Agentlərdən də xahiş etmişəm ki, milli komandaya köklənim, daha sonra oturub qərar verək. Avropada qalmaq istəyirəm. Ölkəni dəyişmək variantım da var. Yaxşı bir klub və təklif olsa, dəyərləndirə bilərəm.