Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq qarşılaşmasında Latviya ilə 0:0 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Fernandu Santuş matçı şərh edib:
"Düşünürəm ki, meydanda yaxşı təşkil olunmuş komanda gördük. Oyunun ilk 15-20 dəqiqəsində topa nəzarət mənasında bir az problemlərimiz var idi. Demək olar, bir istiqamətdə hücum qurmağa çalışırıq. Bir cinahdan digərinə dəyişmələr olmurdu. Buna baxmayaraq, daha sonra komanda nəzarəti yaxşılaşdırdı və komandamız yaxşı çıxış etdi. İkinci hissədə də topa nəzarət tərəfimizdə idi, rəqib qapısı önündə təhlükəli epizodlar yaradırdıq. Latviya yığması bizim qapımız önündə demək olar ki, real qol epizodu yarada bilmədi. Yeganə çatışmayan cəhət epizodlarımızı qola çevirə bilməməyimizdir. Hətta məşqlər zamanı bunula bağlı çoxlu çalışmalar edirik. Bu gün uzaqdan zərbələr çatışmırdı. Hər bir futbolçu topla qapıya girmək istəyirdi".
F.Santuş qələbə qazanmaqda topa nəzarətin vacib amil olduğunu qeyd edib:
"Əlbəttə, qələbə qazanmaq istəyirdik. Topa nəzarət yoxdursa, qalibiyyət də yoxdur. Bütün böyük komandalar topa nəzarət edirlər. Amma biz epizodları qola çevirə bilmirik. Mahir Emreli daha çətin epizodlarda fərqlənirdi, Nəriman da əvvəllər qapıya güclü zərbələr endirirdi. Futbolda belə hallar olur. Oyunun ümumi təhlilini götürsək, komanda pis çıxış etmədi. Sadəcə, son nöqtəni qoya bilmirik. Estoniya ilə oyunu çıxmaq şərtilə, qalan matçların hamısında qol buraxmışıq. Bu gün isə rəqib təhlükəli epizod yarada bilmədi. Əlbəttə, bəzi məqamlar üzərində işləməliyik, yaxşılaşdırmalıyıq".