"Çətin oyun oldu. Qəbələdə neçə gündür yağışın yağması da müəyyən təsir göstərdi".

Offsideplus.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.

Bu gün Qəbələ şəhər stadionunda Qazaxıstana qarşı keçirilən yoldaşlıq görüşü (2:0) barədə AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirən çalışdırıcı oyunöncəsi yaranan problemləri nəzərə çatdırıb: "İspaniyanın “Marcet” komandasından dəvət edilən 9 futbolçumuz dünən gecə kollektivə qoşulub. Komanda şəklində məşq edə bilməməyimiz bir qədər sıxıntı yaratdı. Bu gün ortaya qoyulan xarakter göstərdi ki, Azərbaycanda yaxşı futbolçular var. İstər UEFA İnkişaf Turnirində, istərsə də son matçlarda bunu sübut etmişik. Sadəcə, düzgün istiqamət götürmək, bu uşaqlara güvənmək lazımdır".

A.Nəbiyev Avropa çempionatının seçmə mərhələsinə qədər yığmanın daha da güclənəcəyinə ümidvar olduğunu gizlətməyib: "İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Bu kollektivlə martdan bir yerə yığılırıq. Bu, artıq üçüncü toplanışımızdır. Rəsmi oyunlar öncəsi daha bir təlim-məşq toplanışımız olacaq. Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya ilə eyni qrupda çıxış edəcəyik. Rəqiblər güclü olsa da, komandamıza inanırıq”.

Qeyd edək ki, U-17 növbəti yoxlama oyununu iyunun 10-da Gürcüstan yığmasına qarşı keçirəcək.