"Yetirmələrim Latviya ilə oyuna axşı hazırlaşıblar. Onlardan nə tələb olunduğunu dərk edirlər. Çətin oyun olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan futbol yığmasının baş məşqçisi Fernandu Santuş bu gün Riqada təşkil olunan mətbuat konfransında deyib.
Sabah keçiriləcək Latviya - Azərbaycan matçı ilə bağlı jurnalistlərin suallarını cavablandıran portuqaliyalı çalışdırıcı bunları söyləyib: "Latviya yığması keyfiyyətli oyunçulardan ibarətdir. Bu günlər ərzində yetirmələrimə rəqib haqqında kifayət qədər məlumat vermişəm. Əlimizindən gələni əsirgəməyəcəyik".
F.Santuş Latviya ilə oyunda kimin kapitan sarğısını daşıyacağı məsələsinə də aydınlıq gətirib: "Əgər sabah Emin Mahmudov ilk "11-lik"də olarsa, kapitan sarğısını daşıyacaq. Penalti zərbəsini də yetirmək hüququ ona malikdir. Mövsümün sonu olması futbolçulara bəhanə verməməlidir. Oyunçularım çox motivasiyalıdır".