"İlk növbədə qələbəni təmin etməliyik. Daha sonra top fərqini artırmaq üçün mübarizə aparmaq lazımdır ki, mövqeyimizi yaxşılaşdıraq".
Offsideplus.az xəbər verir ki, bu fikirlər Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının üzvü Sevinc Cəfərzadəyə məxsusdur.
AFFA-nın mətbuat xidməti UEFA Millətlər Liqasının C Liqası çərçivəsində bu gün Bakıda keçiriləcək Azərbaycan - Litva oyunu ilə bağlı proqram hazırlayıb. Həmin proqrama müsahibə verən S.Cəfərzadə qələbənin əhəmiyyətindən danışıb: "Yaxşı top fərqinə nail olmaq üçün daha çox qol vurmalıyıq. Amma düşünmürəm ki, bu, komandaya əlavə təzyiq yaradacaq. Bizim əsas işimiz meydanda sona qədər mübarizə aparmaq və istədiyimiz nəticəyə nail olmaqdır. Bunun asan olmayacağını yaxşı bilirik".
31 yaşlı hücumçu həmçinin yığmanın kapitanıdır. O, komanda yoldaşlarını oyuna necə kökləməsindən söz açıb: "Bəzən motivasiyanı yalnız paltardəyişmə otağına saxlamıram. Elə hallar olur ki, onları məşqlərdə və ya oyundan əvvəl toplantılarda etməyə çalışıram ki, oyunçularımız maksimum hazır və motivasiyalı olsunlar. Paltardəyişmə otağında da müəyyən söhbətlərimiz olur. Hər görüşün nə qədər önəmli olduğunu komanda olaraq bilirik, ancaq bunu bir daha hər kəsin diqqətinə çatdırıram. Bütün komanda yoldaşlarıma güvənirəm. Hamımızın məqsədi ölkəmizi layiqincə təmsil etməkdir".
Qeyd edək ki, matç bu gün saat 18-də başlanacaq.