“Qrupun son oyununda Litvaya məğlub olsaq da, ilk iki matçda qələbə qazandıq və Superfinala vəsiqə qazandıq.Bununla da əsas vəzifənin öhdəsindən gəldik".
Offsideplus.az xəbər verir ki, çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Sahib Məmmədov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
O, Avropa çempionatının I seçmə mərhələsi (EBSL) çərçivəsində İspaniyada keçirilən oyunları dəyərləndirib və növbəti hədəflərdən danışıb: "Litva komandası ilə görüşdəki nəticəni yorğunluqla əlaqələndirərdim. Çünki birinci turda İngiltərə yığmasına qarşı oyunda çox güc sərf etməli olmuşduq. Onsuz da, Litva ilə görüşün nəticəsindən asılı olmayaraq, Superfinala vəsiqəni təmin etmişdik. Sadəcə, son matç qrup birincisini müəyyənləşdirəcəkdi. Bundan sonrakı hədəfimiz sentyabrda İtaliyada təşkil olunacaq Avropa Superfinalında finala yüksələrək, A Liqasına vəsiqə qazanmaq olacaq”.
Qeyd edək ki, B Liqasının A qrupunda İngiltərə (5:4) və Belçikaya (11:2) qalib gələn milli komandamız Litvaya (3:4) məğlub olub. 5 xalla qrupu ikinci pillədə başa vuran yığmamız sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək Superfinalda yarışacaq.



