"Sabahkı oyuna həm psixoloji, həm də fiziki cəhətdən yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, Belarus üzərində qələbə qazancağıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Səbuhi Abdullazadə deyib.

Gənc yarımmüdafiəçi sabah Belarus yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşünə həsr olunmuş mətbuat konfransında iştirak edib. İki gün öncə Haiti ilə matçda (0:3) debüt edən S.Abdullazadə milli komandanın düşərgəsindəki ab-havadan danışıb: "Mən yığmada özümü yaxşı hiss edirəm. Milli komandanın düşərgəsindəki təcrübəli futbolçular gənclərə dəstək verirlər, onların adaptasiya prosesini tez keçməsinə yardım göstərirlər".

Futbolçu Haiti və Belarus kollektivlərini də müqayisə edib: "Haiti yığması atletik komandadır. Belaruslular isə Avropa futboluna uyğun çıxış edirlər. Məşqçilər korpusu bu məqamlara diqqət göstərir, tapşırıqlarını verir. Biz sabahkı matçda həmin tapşırıqları tam yerinə yetirməyə çalışacağıq".

Qeyd edək ki, Azərbycan - Belarus matçı sabah saat 21:45-də başlanacaq.