Dünya çempionatı-2026-nın seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi Fransa yığmasının ölkəmizə gələcəyi tarix müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, ikiqat dünya və ikiqat Avropa çempionları Bakıya bu il noyabrın 14-də təşrif buyuracaqlar.

Bundan iki gün sonra, noyabrın 16-da seçmə mərhələnin D qrupunun son turu çərçivəsində Azərbaycan və Fransa yığmaları arasında rəsmi matç baş tutacaq. Qarşılaşmanın yeri və başlanma saatı hələ açıqlanmır.

Azarkeşlər bu səfər zamanı bir çox dünya ulduzlarını görmək imkanı qazanacaqlar. Rəqibin heyətində Avropanın nəhəng klublarının - "Real Madrid", "Barselona", "Bavariya", "Liverpul", PSJ, "Arsenal", "Milan", "Yuventus" və s. oyunçuları yer alır.

Şübhəsiz ki, əksəriyyət Bakıda yığmanın kapitanı, "Real" aparıcı üzvü Kilian Mbappenin oyununu canlı izləmək istəyir. Həmçinin 2025-ci ilin ilk 3 ayında 23 qol vuraraq, qeyri-adi məhsuldarlıq göstərən PSJ-li Usman Dembeleni də ölkəmizdə gözləyənlər az deyil.

Dünya çempionu Didye Deşamın rəhbərlik etdiyi kollektivdə demək olar, hər bir futbolçu ayrı-ayrılıqda ulduz sayılır. Bu isə o deməkdir ki, Azərbaycan - Fransa matçı əsl futbol bayramına çevriləcək.

Qeyd edək ki, bu, Fransa milli komandasının Azərbaycanda keçirəcəyi ilk rəsmi matç olacaq. 

screenshot_20250324_105222_chrome