“Milli komandamız turnirdə pis çıxış etmədi. Ən yaxşı nəticəni qazanmağa çalışdıq. Üçüncü yeri tutmaq şansımız olsa da, təəssüf ki, bu alınmadı".

Offsideplus.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi İlham Yədullayev AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

O, Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku barədə fikrilərini bölüşüb. Yarışda 3-cü yer uğrunda Özbəkistan yığmasına məğlubiyyəti (1:2) dəyərləndirən 49 yaşlı çalışdırıcı təəssüfünü gizlətməyib: “Özbəkistan bizə tanış rəqib idi. Oyunlarını təhlil etmişdik, çox sürətli futbolçularının olduğunu bilirdik. Çox aqressivdirlər, topla oynamağı bacarırlar. Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Matçın startında rəqib çox aqressiv çıxış etdi, təzyiq göstərdi. Qapımıza qol da vurdular. Birinci hissənin ortalarından etibarən oyun bərabərləşdi. İkinci hissənin əvvəlində bərabərlik qolunu da vurduq. 2-3 əsas oyunçumuzun səhhətində problem yarandığı üçün onlar tam potensiallarını göstərə bilmədilər. Buna baxmayaraq, komanda texniki-taktiki cəhətdən düz oynayırdı. Əsas narahatlığımız hücumda qol imkanlarından yararlana bilməməyimiz və müdafiə xəttində bəzi boşluqlar buraxmağımız idi”.

Xatırladaq ki, U-17 yığmamız qrup mərhələsində Rusiya (0:3), İran (1:0) və Qazaxıstana (2:1) qarşı mübarizə aparıb.