Futbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini rəsmi geyimlə təmin edəcək şirkət müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, “Danilov” brendi qarşıdakı 1 il ərzində yığmamızın sponsoruna çevrilib.
Bu münasibətlə AFFA və “Danilov” arasında müqavilə imzalanıb.
Federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev imzalanma mərasimində çıxış edərək, müqavilənin hər iki tərəfə uğur gətirəcəyinə inamını bildirib: "Bizim üçün bu əməkdaşlıq xüsusi önəm daşıyır. Çünki Azərbaycan brendi ilə işbirliyinə başlayırıq. İnanıram ki, “Danilov” brendinin məhsullarından istifadə edərək, qələbələrə doğru inamlı addımlar atacağıq”.
Öz növbəsində “Danilov” brendinin təsisçisi İlyas Danilov AFFA ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayıb: “AFFA ilə müqavilə bağlayırıqsa, deməli, Azərbaycanda sözünü deyən brendlərdən biriyik. Əminəm ki, bu sövdələşmə uğurlu olacaq".
Tədbirin sonunda milli komandamızın çərçivəyə salınmış xüsusi forması AFFA tərəfindən “Danilov”a hədiyyə olunub. Həmçinin “Danilov” brendi Azərbaycanın dünya şöhrətli hakimi Tofiq Bəhramovun 1966-cı ildə keçirilən dünya çempionatının finalındakı məşhur qərarı ilə qeydə alınan qolun əks olunduğu xüsusi rəsm əsərini AFFA-ya hədiyyə edib.