Son zamanlar mediada AFFA-nın millinin baş məşqçisi Fernandu Santuşla yolları ayıracağı ilə bağlı iddialar çoxalıb.
Hətta bir sıra qurumlar yığmanı çalışdırmağa namizəd olan şəxslərin siyahısını dərc edib. Onların sırasında Milan Obradoviç də var.
21 yaşadək futbolçulardan ibarət millimizin sabiq çalışdırıcının yenidən ölkəmizə qayıdacağı iddia olunur.
Məsələ ilə ətraflı məlumat almaq üçün serbiyalı ilə əlaqə saxladıq. 47 yaşlı mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Hər şey ola bilər. Amma indi rəsmi heç nə yoxdur. Çünki Azərbaycan millisinin baş məşqçisi var. Çalışdırıcının hazırda müqaviləsi var. Amma deyə bilərəm ki, Azərbaycan millisini çalışdırmaq üçün ən yaxşı şəxs mənəm".
Obradoviç yığmaya təyin olacağı təqdirdə, hansı komandada hansı dəyişiklər olacağı barədə də danışdı:
"Təsnifat mərhələlərində, Millətlər Liqasında yaxşı xallar qazanacağıq. Estoniyanı 5:0 hesabı ilə məğlub edə bilərik. Mən U-21-də çalışdığım vaxt bunu etmişik. İnsanların milli komanda ilə fəxr etməsinə və dəstək olmasına çalışacam".