19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələsinin 7-ci qrupun 1-ci turunda İslandiyaya məğlub olub - 0:2.
Offsideplus.az xəbər verir ki, yığmamızın baş məşqçisi Elxan Abdullayev görüşlə bağlı fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb:
“Yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Matçın əvvəlində bir neçə səhvə yol verdik və qol buraxdıq. İkinci hissədə təşəbbüs tamamilə bizim tərəfimizdə idi. Rəqibin gücünə baxmayaraq, qol imkanlarında onları xeyli üstələyirdik. Məğlubiyyətin əsas səbəbini yaranan şansları qola çevirməməyimizdə görürəm. İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik. Lakin yetərincə qol imkanlarını dəyərləndirə bilmədik”.
Baş məşqçi qarşıdakı matça 3 xal qazanmaq üçün çıxacaqlarını söyləyib:
“Növbəti rəqibimiz İrlandiya millisidir. Birinci oyunda uduzmağımıza baxmayaraq, hələ də şanslarımız qalır. Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq. Üç xal bizim üçün çox önəmlidir və meydana məhz bu məqsədlə çıxacağıq”.