"Səviyyə fərqi göz qabağında idi. İngiltərə hər cəhətdən - futbolu, çempionat amili, oyunçuların fiziki, texniki, taktiki hazırlıqları baxımından bütün göstəricilərdə bizdən üstündür. Sadəcə olaraq bizə yaxşı mübarizə aparmaq qalmışdı. Buna da güc, futbolçuların oyun praktikası lazımdır ki, belə böyük komandalara qarşı heç olmasa başabaş mübarizə apara bilsinlər. Məğlubiyyətin qaçılmaz olduğunu biz də bilirdik. Amma matçın "7-0" bitməsi ürəkaçan olmadı. Məşqçiləri də qınamaq olmaz. Bizim oyunçular milliyə I Liqadan gəlir, amma rəqibdə adlı-sanlı çempionatlardan olan oyunçular var. Bir çox aspektlər yığmanın çıxışına təsir göstərir".
Bu sözləri Offsideplus.az - a açıqlamasında Arif Əsədov 21 yaşlılardan ibarət milli komandamızın ingiltərəli həmyaşıdlarına "7-0" hesabı ilə məğlub olduqları oyun haqqında danışarkən bildirdi.
Mütəxəssis əldən çıxan xalları qeyd etdi:
"Qrupda daha çox xal toplamaq olardı. Bəzi ev oyunlarında müsbət nəticə əldə etmək mümkün idi. Aşağı yaş qruplarında ciddi problemlərin olduğu açıq-aşkar görünür".
A. Əsədov sonuncu pillədə qərarlaşmağımızın əsas səbəbkarı kimi baş məşqçi Samir Əliyevi görmür:
"Biz hər zaman birinci günahı məşqçilərdə görürük. Ola bilər ki, başqası olsaydı 2-3 xal artıq toplaya bilərdi. Amma əsas problem məşqçi deyil, məğlubiyyətlərin kökünü axtarmaq lazımdır".