Azərbaycan millisinin forvardı Mahir Emreli UEFA Millətlər Liqasında Slovakiya ilə matçda (1:3) qırmızı vərəqə aldığı epizodla bağlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, hücumçu tənqidlərə açıq olduğunu deyib:
"Hörmətli azarkeşlər, öncə dəstəyinizə görə təşəkkür edirəm. Hər biriniz içimdə olan vətən, bayraq sevgisini yəqin bilirsiniz. Uşaq yaşlarımdan milli komandanın aşağı yaş qruplarında oynamışam və uzun müddətdir, yığmanın üzvüyəm. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyun zamanı göstərmək istəmişəm. Futbol saniyə oyunudur. Bəzən alınır, bəzən yox. Elə olur ki, qol vurmaqdan əlavə qolun qarşısını da almaq lazım gəlir və nəticə vərəqə ilə yekunlaşır. Durum əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri mən başa düşür. Təbii ki, tənqid qaçılmazdır və sağlam tənqidə açığam. Bir də, bilirəm ki, uman yerdən küsərlər. Mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur. Bu, məni qorxutmur, əksinə sevindirir. Daha yaxşı olmağa, inkişaf etməyə sövq edir. Ümid edirəm ki, gələcək oyunlarda qollarımla sizi sevindirəcəyəm. Bildirmək İstəyirəm ki, tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün önəmlidir".