"Real Madrid" klubunun prezidenti Florentino Peres klubun illik assambleyasında və media nümayəndələri qarşısında olduqca kəskin çıxış edərək həm rəqiblərini, həm də daxili müxalifəti hədəf alıb.
Offsideplus.az xəbər verir ki, prezident klubun hazırkı maliyyə gücünü vurğulayaraq, rəhbərliyə gəldiyi ilk dövrləri xatırladıb:
"Bu kluba ilk dəfə gəldiyim zaman vəziyyət bərbad idi, hətta oyunçuların maaşları ödənilmirdi. İndi isə maliyyə cəhətdən inanılmaz durumdayıq, rekord gəlirlərimiz və dünyanın ən dəyərli heyəti bizdədir."
Peres "Real Madrid"ə qarşı müxtəlif cəbhələrdən hücumların olduğunu bildirib. O, xüsusilə medianı xaos yaratmaqda və yalan məlumat yaymaqda ittiham edib:
"Mənim xərçəngə yoluxduğum barədə yalan xəbərlər yaydılar. Dostlarım narahatlıqla zəng edirdilər. Mən yorğun görünürəm? Xeyr, mən klubun maraqlarını qorumaq üçün buradayam."
Peres açıq şəkildə "La Liqa" rəhbərliyini "düşmən" adlandırıb və Avropa Superliqası layihəsi sayəsində UEFA-nın onlarla hesablaşmağa məcbur olduğunu deyib.
Prezident radikal azarkeş qruplarının stadiona buraxılmayacağı ilə bağlı mövqeyini qətiyyətlə qoruyub.
Florentino Peres klubun mülkiyyət formasının toxunulmaz olduğunu bir daha bəyan edib:
"'Real Madrid" klubu sosiolara (üzvlərə) məxsusdur, kluba nifrət edən jurnalistlərə deyil! Jurnalist tayfası mənim getməyimi istəyir, amma mən getmirəm. Mən futbol tarixində ən çox titul qazanan prezidentəm. Azarkeşlər və sosiolar mənimlədir."
Klub daxilindən mediaya məlumat sızdıran şəxslərin olduğunu qeyd edən Peres onlara xəbərdarlıq edib: "Daxildə olanları şişirdib ötürən casuslar var. Onları mənə buraxın, mən onların işinə baxacağam. Mənə güvənin."
Çıxışının sonunda Peres özünə layiq rəqib tapmadığını vurğulayaraq, "Mən mənə qarşı dayana biləcək, özünə güvənən bir şəxs axtarıram, amma heç vaxt tapmıram" - deyə bildirib.


