Futbol üzrə Azərbaycan Kubokunun final qarşılaşmasından əvvəl mətbuat konfransları keçirilib. 

Offsideplus.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov media önünə çıxıb. O, sabah keçiriləcək oyun barədə bu sözləri deyib: 

"Sabah bizi olduqca önəmli oyun gözləryir. Düşünürəm ki, opyunda yaxşı hazır bilmişik. Təəssüflər olsun ki, sabah 40-cı gün olacaq ki, 9-cu oyunumuza çıxacağıq. Hər biri bizim üçün stressli keçib. Müəyyən yorğunluq var. İlk dəqiqələrdən üzərimizdə olan təzyiqi atıb, sezonun ən yaxşı oyununu keçirmək istəyirik. Qarşımızda ciddi, yaxşı futbolçu və məşqçi heyətinə malik komanda var. Sona qədər əlimizdən gələnin ən yaxşısını edib, qalib gəlmək istəyirik".

"Çempionatdan avrokuboklara qatılmaq çətin görünür. Azərbaycan Kubokunu qazanaraq avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. Finalda məğlubiyyətimiz hər dörd komandaya sərf edir. Sabahkı oyunda ona görə mən də onların yerində olsaydım, "Sabah"ın qalib gəlməyini istəyərdim. Klubun tarixində nə qədər önəmli oyuna çıxacağımızı dərk edirik", deyə təcrübəli mütəxəssis sabahkı matçın avrokuboklara vəsiqə qazanmaq baxımından vacibliyindən danışıb. 

R.Sadıqov matçın baxımlı keçməsini istədiyini qeyd edib: "Azarkeşlər üçün baxımlı oyun keçməsini istəyirik. Necə bir matç olacaq, sabah bunu görəcəyik".

"Penalti seriyasına hazırlaşmışıq. Rəqibin yerinə olsaydım, mən də penalti seriyasına hazırlaşmaz, oyunu 90 dəqiqədə bitirməyə çalışardım. Bunu mən də istərdim, lakin oyunun penaltilərə getməsi ehtimalını da nəzərə almaq lazımdır".

Mütəxəssis Hacıağa Hacılının sabahkı oyunu zədə səbəbindən buraxacağını qeyd edib:

"Hacıağa Hacılı son oyunda 90 dəqiqə meydanda olmuşdu. Bu gün adi bir epizodda zədələndi və bu "İmişli"yə qarşı oyunla bağlıdır, bilirəm. Böyük ehtimalla sabahkı oyunda iştirak ərizəsində olmayacaq".

Qeyd edək ki, "Sabah" və "Zirə" arasında oynanılacaq final qarşılaşması mayın 13-də "Neftçi Arena"da baş tutacaq. Görüşün start fiti saat 20:00-da səslənəcək.