Futbol üzrə Azərbaycan Kubokunun final qarşılaşmasından əvvəl mətbuat konfransları keçirilib. 

Offsideplus.az xəbər verir ki, əvvəlcə "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas media önünə çıxıb. 

"Burada olmaq, ardıcıl ikinci dəfə "Sabah"ın finalda çıxış etməsi mənim üçün böyük şərəfdir. Kubokun finalı hər bir ölkədə ən böyük günlərdən biridir. Mövsümün sonunda müxtəlif ölkələrdə bir çox klublar ən böyük titulu qazanamağa çalışır. Bəzilərində 2, bəzilərində isə 3-dür. Biz də sabahkı oyuna hazırlaşırıq. Rəqibi də finala çıxmaları münasibətilə təbrik edirəm. Sabah həm biz, həm də rəqib meydana çıxacaq, yaxşı mübarizə ağaracağıq. Azarkeşləri tribunalara dəvət edirəm. Güclü komanda qalib gələcək. Karyeramda bir çox kubok finallarında iştirak etmişəm, necə çətin olduğunu bilirəm. Sabah drama, həyəcanlı anlar və qollara şahidlik edəcəyik. Həqiqətən də daha yaxşı komandanın qalib gəlməsini istəyirəm. Finalın adına layiq oyun olacağını düşünürəm". 

Litvalı mütəxəssis oyunun penaltilər seriyasına getməsi ehtimalına münasibət bildirib:

"Səmimi olaraq deyəcəm. Biz 11 metrlik cərimə zərbəsini xüsusi olaraq işləməmişik. Lakin vaxt gəlsə, kimə güvənə bilərəm, bilirəm".

"Zirə"nin 5-li müdafiə ilə oynaması gözlənilir. Buna hazırlaşmısınız, yoxsa rəqibin dəyişiklik edəcəyini düşünürsünüz?", sualına V. Dambrauskas belə cavab verib: 

"Hər şeyi desəm, sabah sürpriz olmayacaq. Əlbəttə, rəqibə qarşı hazırlaşmaq çətindir. Bir-birimizə qarşı 3 dəfə artıq oynamışıq. Onlar bizi, biz də onları tanıyırıq. Məncə bizi sürprizlər gözləmir. Futbolçuların düşünücə tərzindən, hazırlığından da çox şey asılıdır. Bizim A, B, C və s. planlarımız var. Üzərimizdə o qədər də təzyiq yoxdur. Özümüzə inanırıq. Meydanda istədiyimiz kimi oynasaq, o zaman sabah üstün tərəf biz olacağıq".

Qeyd edək ki, "Sabah" və "Zirə" arasında oynanılacaq final qarşılaşması mayın 13-də "Neftçi Arena"da baş tutacaq. Görüşün start fiti saat 20:00-da səslənəcək.