“Kayrat” (Qazaxıstan) klubunun baş məşqçisi Kurban Berdıyev Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, o, sabahkı oyunla bağlı bunları deyib:
“Sabahkı oyun maraqlı olacaq. “Qarabağ”ın Azərbaycan klubları arasında lider olduğunu bilirik. Bu rəqiblə görüşə böyük ümidlərlə baxırıq. Biz heç-heçə üçün gəlməməmişik. Sabahkı matçda bizə mütləq qələbə lazımdır. Meydana hansı taktika ilə çıxacağımızı burada açıqlamaq istəmirəm. Vaqner Lavın durumuna gəlincə, o, “Bazel”lə görüşdə zədələnib və bu səbəbdən cəmi 2-3 məşqə qatılıb. Buna baxmayaraq, onun sabah meydana çıxmaq şansı var”.
Təcrübəli mütəxəssis erməni futbolçu Kamo Ohanesyanın “Qarabağ”la oyun üçün Bakıya gəlməməsinə də münasibət bildirib. Rusiyalı mütəxəssis bunun 29 yaşlı müdafiəçinin şəxsi fikri və qərarı olduğunu söyləyib.
Mətbuat konfransında “Kayrat”ın futbolçusu Denis Polyakov da iştirak edib. 30 yaşlı belaruslu müdafiəçi bildirib ki, futbol komanda oyunudur: “Rəqibin yaxşı hücum xəttinə malik olduğunu bilirik. “Qarabağ” yaxşı təşkilatlanmış kollektivdir, təcrübəli komandadır. Sabahkı oyundan sonra Almatıya müsbət nəticə ilə qayıtmaq istəyirik”.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kayrat” matçına saat 20:45-də start veriləcək.