Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra təşkil olunan mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:2 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:

"İki fərqli hissə oldu. Hesabda önə keçəndən sonra üstünlüyümüzü qorumağa çalışdıq. İkinci hissədə “Qarabağ” oyunun nəticəsini dəyişməyi bacardı". 

 - Dünən qələbədən danışırdız. Bu gün meydandakı atmosfer necə idi? 

- Yaxşı atmosfer var idi. Meydan sahiblərinə yaxşı dəstək var idi. 

- Bu gün sərgilədiyiniz oyunu necə ifadə edə bilərsiz? 

- Çətin qrupda yer almışıq. Bütün rəqiblərimiz güclüdür. İkinci hissədə çox səhv etdik. “Qarabağ” qələbəyə layiq idi. İkinci hissədə hesabı qorumağa çalışdıq, amma alınmadı. 

- 90 dəqiqə ərzində bütün standart vəziyyətlər olanda gəlib otururduz, bitən kimi isə ayağa qalxırdız. Bu, nə ilə bağlıydı? 

- Qaydalara görə, standart vəziyyətlər zamanı iki məşqçi ayaq üstə qala bilməz. Bu səbəbdən, mən oturdum, digər məşqçi ayaq üstə qaldı (kinayəli cavab). 

- Qrupdan çıxmaq şansınız necədir? 

- Bu oyundan sonra şanslarımız daha az qaldı. Amma sona qədər mübarizəmizi davam etdirəcəyik.