“Matçın çətin keçəcəyi bəlli idi. Monteneqro yığması bu “pəncərə”də bir oyun keçirirdi ki, o da öz meydanlarında bizə qarşı idi. Biz isə qısa müddətdə ardıcıl iki səfər matçına çıxmalı olduq. İstər-istəməz yorğunluq yaranmışdı".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
AFFA-nın rəsmi saytına UEFA Millətlər Liqasının C Liqasının 4-cü qrupunda dünən Monteneqro yığmasına qarşı keçirilən oyun (1:1) barədə danışan çalışdırıcı məyusluğunu gizlətməyib: "Komandanı oyuna tam bərpa etmək üçün maksimum çalışdıq. Monteneqro həm də qrup birinciliyi uğrunda əsas rəqibimizdir. Açığı, birinci hissədə futbolçuların bəzi səhvləri oldu. Xüsusən də, hücum xəttində problemlər yaşadıq, irəlidə top saxlaya bilmədik. Qapıçımızın və müdafiəçilərimizin etibarlı çıxışı sayəsində fasiləyə heç-heçə yollandıq. İkinci hissəni isə hücumda daha yaxşı keçirdik, üstünlüyə yiyələndik. Qol vurduq və başqa şanslarımız da oldu. Təəssüf ki, ikinci qolu vura bilməməyimiz rəqibin son dəqiqələrdə hücuma atılmasına gətirib çıxardı. Nəticədə 90+2-ci dəqiqədə penaltidən qol buraxdıq. Penalti epizodunda isə top əvvəlcə rəqibin, sonra bizim oyunçunun əlinə dəymişdi".
S.Əsgərov milli komandamızın mayın 30-da Litvaya qarşı keçirəcəyi görüşə də münasibət bildirib: “Monteneqro ilə oyunda qələbəni əldən verdiyimiz üçün məyusuq. Buna baxmayaraq, birinci yer uğrunda mübarizəni davam etdiririk. Son oyunda Litvanı doğma arenamızda qəbul edəcəyik. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Qələbə qazanmaqla yanaşı, top fərqini də mümkün qədər yaxşılaşdırmalıyıq. Bu səbəbdən Litva üzərində böyükhesablı qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, yığmamız dünənki matçda qələbə qazanacağı təqdirdə, B Liqasına vəsiqəni vaxtından qabaq təmin edəcəkdi. Hazırda Monteneqro və Azərbaycanın eyni - 5 xalı var, ancaq rəqib daha çox qol vurduğuna görə (4:2, bizdə 3:1) 1-ci pillədə qərarlaşıb.