Fiqurlu konkisürmə üzrə olimpiya çempionu Aleksey Yaqudin tanınmış rusiyalı mütəxəssis Yevgeni Pluşenkonun 13 yaşlı oğlu Aleksandrın idman vətəndaşlığını dəyişərək Azərbaycan millisinə keçməsindən danışıb.
Offsideplus.az xəbər verir ki, Yaqudin bu keçidi idman dünyası üçün tamamilə normal bir hal hesab edib:
"Mənə elə gəlir ki, fövqəladə heç nə baş verməyib. Fiqurlu konkisürmədə idmançıların başqa bayraqlar altına keçməsinə çoxdan öyrəşmişik. Bu, futbolda bir klubdan digərinə keçmək kimi adi bir təcrübədir. Bəli, burada söhbət vətəndaşlıqdan gedir, ona görə də reaksiya daha emosionaldır. İnsanları anlaya bilirəm. Bu hadisəyə olan böyük diqqət, ilk növbədə, Pluşşenko soyadı və Saşanın özünün populyarlığı ilə bağlıdır. Amma onun cəmi 13 yaşı var, qarşıda böyük bir karyera durur və bu müddət ərzində hər şey ola bilər.
Biz bu yaxınlarda bütün ölkə olaraq ABŞ-ı təmsil edən İlya Malininə azarkeşlik edirdik və onu yenə də özümüzünkü kimi qəbul edirik. Ona görə də 13 yaşlı idmançının beynəlxalq yarışlarda iştirak etmək naminə Azərbaycanı təmsil etmək qərarı qeyri-adi bir şey kimi görünmür. Mən Saşanın şoularda necə çalışdığını, necə böyük həvəslə çıxış etdiyini görmüşəm. Hər bir halda ona uğurlar arzulayıram. Həm Malininin, həm də Mixail Şaydorovun uğurlarına sevindiyimiz kimi, onun üçün də azarkeşlik edəcəyik".


