Novak Cokoviç 38 yaşında olmasına baxmayaraq, hələ də uzunmüddətli hədəflərinin olduğunu və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında Parisdə qazandığı çempionluq titulunu qorumaq istədiyini bildirib.
Şənbə günü "İndian-Uells" turnirində Kamil Mayxjak üzərində qazandığı qələbəsindən sonra jurnalistlərə açıqlama verən Cokoviç bunları deyib:
"Olimpiadaya çatmaq mənim uzunmüddətli hədəflərimdən biridir. Bu, çox gözəl olardı. Hələ qarşıda uzun yol var. Hesab edirəm ki, mənim yaşımda və karyeramın bu mərhələsində hər il gənclər üçün keçən müddətdən daha uzun görünür. Amma mən mütləq orada olmağa çalışacağam; bu, mənim üçün motivasiya mənbələrindən biridir".


