Klublararası dünya çempionatında finalın qəhrəmanlarından biri olan "Çelsi"nin futbolçusu Joao Pedro açıqlama verib.
Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu oyundan sonra PSJ-nin baş məşqçisi Luis Enrikenin onu vurmasından danışıb.
"Gördüm ki, PSJ-nin oyunçuları komanda yoldaşım Andrey Santosu əhatəyə alıblar. Mən əsl braziliyalı kimi dostumu müdafiə etmək üçün araya girdim. Çox adam qaçıb yanımıza gəldi. Mübahisə zamanı məni itələdilər və mən yıxıldım. Düşünürəm ki, bu, oyunun bir hissəsidir. Onlar uduzmağı bacarmırlar. İndi isə qələbəni qeyd etməyin vaxtıdır", - deyə Joao Pedro bildirib.
23 yaşlı futbolçu "Çelsi"yə keçidi ilə bağlı sual verilərkən göz yaşlarını saxlaya bilməyib: "Mənə elə gəlir ki, mən qeyri-adi tale ulduzunun altında doğulmuşam. Adətən məzuniyyətə gedəndə arxayınlaşırsan, yalnız istirahət edirsən. Amma mən "Çelsi"nin mənimlə maraqlandığını bilirdim. Ona görə də 40 günlük məzuniyyət vaxtı dayanmadan məşq edirdim. Və tezliklə "Çelsi"də peyda oldum, dünya çempionatının yarımfinalında və finalında qollar vurdum. Bu qısa müddət ərzində nə baş verdiyini anlamağa çətinlik çəkirəm".
Qeyd edək ki, Joao Pedro "Çelsi" ilə iyulun 2-də rəsmi müqavilə bağlayıb. "Brayton"dan transfer olunan hücumçu cəmi 2 gün sonra klublarası dünya çempionatının 1/4 finalında "Palmeyras"a qarşı oyunda debüt edib. Braziliyalı yarımfinalda keçmiş komandası "Fluminense" ilə görüşdə dubla imza atsa da, hörmət əlaməti olaraq sevinməyib. O, London klubunda 3 matça artıq 3 qol vurub.



