"CBC Sport" telekanalında problem yaranıb.
Offsideplus.az xəbər verir ki, adıçəkilən telekanalda bu günə planlaşdırılan UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüşlərin canlı yayımı ləğv edilib.
"CBC Sport"un yaydığı bəyanata bildirilir ki, bu, texniki səbəblərdən mümkün olmayacaq: "CBC Sport"dan asılı olmayan səbəblərə, texniki məsələlərlə bağlı ortaya çıxan problemin həlli üçün lazımi iş gedib. Lakin görülən bütün işlərə baxmayaraq, texniki problemləri həll etmək mümkün olmayıb. Bildiyiniz kimi, fəaliyyət göstərdiyimiz bu 9 il ərzində efirimizdə canlı yayımlamağı planlaşdırdığımız idman yarışlarının verilməsində ciddi problem olmayıb. Avrokubok görüşləri zamanı isə ümumiyyətlə belə bir hadisə yaşanmayıb və daim avrokubok matçları yüksək səviyyədə sizlərə təqdim edilib".
Tamaşaçılardan üzr istəyən telekanal rəhbərliyi belə halın bir daha təkrarlanmayacağına çalışacağını vurğulayıb: "Televiziyalarda texniki məsələlər səbəbindən bu cür halların - müəyyən yayımların baş tutmaması dünya təcrübəsində də yaşanır. Nə qədər arzuolunmaz olsa da, bəzən yaşanan bu halların qarşısını texniki səbəblərə görə almaq olmur. Bizdən asılı olmayan səbəblərə görə, oyunların canlı yayımının baş tutmadığı üçün sizdən üzr istəyirik. Bizi anlayışla qarşılamağınıza ümid edirik və çalışacağıq ki, bir daha belə hadisə yaşanmasın".