"Qarabağ" klubu futbolçu Nəriman Axundzadənin Norveçin "Molde" klubuna mümkün transferi ilə bağlı məsələyə rəsmi münasibət bildirib.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Offsideplus.az saytına açıqlamasında 20 yaşlı hücumçunun keçidi ilə əlaqədar razılıq əldə olunmadığını bildirb.
"Bəli, "Molde" klubundan Nəriman Axundzadə ilə bağlı "Qarabağ"a təklif gəlib. Lakin tərəflər arasında razılıq əldə olunmayıb. Daha sonra norveçlilər bizimlə əlaqə saxlamayıblar", - deyə A.Hacıyev deyib.
"Qarabağ" rəsmisi Nərimanın müqavilə imzalamaq üçün Norveçə yollanması xəbərini təkzib edib: "Nəriman Norveçə getməyib, komandamızla birgədir. Hazırda klubun düşərgəsindədir və çempionatın növbəti turu üçün Tovuza səfərə yollanır".
Qeyd edək ki, gənc futbolçunun "Qarabağ"la 2028-ci ilədək müqaviləsi var. İddialara görə, "Molde" həmyerlimizin transfer hüquqlarına sahib olmaq üçün 400 min avro xərcləməyə hazır olub. Lakin Axundzadənin ən azı yaya qədər Norveç çempionatında görünməyəcəyi dəqiqdir. Çünki sözügedən ölkədə "transfer pəncərəsi" bu gün bağlanır. Yaz-payız sistemi ilə keçirilən Norveç çempionatında yeni mövsüm martın 29-da start götürəcək.